İP-in Demokratiyaya Yumşaq Keçidin Yol Xəritəsi

Demokratiyaya Yumşaq Keçidin  Yol Xəritəsi

 

   İctimai Palata Azərbaycanı inkişaf etmiş, müasir dövrün tələblərinə cavab verən, beynəlxalq ictimaiyyətin və öz vətəndaşların rəğbətini qazanmış dövlətlər sırasında görmək istəyir. Biz Azərbaycanda tez bir zamanda demokratik siyasi sistemin və  liberal iqtisadiyyatın yaranmasına, hüquqi dövlətin və  vətəndaş cəmiyyətinin  inkişafına nail olmaq ucun təxirəsalınmaz köklü islahatların aparılmasını  vacib sayırıq.  Bu məqsədlə    bütün mütərəqqi qüvvələri  bu Yol Xəritəsinin reallaşması üçün ciddi səylər göstərməyə çağırırıq.  Təklif olunan yol xəritəsi konkret bir dövr –  avtoritarizmdən demokratiyaya yumşaq keçid dövrü və bu keçidi təmin etmək üçün nəzərdə tutulur.   Keçid dövrü bir necə mərhələdən ibarətdir və ümumi müddəti təxminən 2  il çəkə bilər (növbəti prezident seçkilərinə qədər).

 

Birinci mərhələ: Demokratiyaya keçidin siyasi əsası yaradılır

 

1.   Hakimiyyətlə  İctimai Palata arasında geniş formada  siyasi dialoq başlanır və bütün məsələlər dialoq yolu ilə həll edilir.

2.  Siyasi konfrontasiya və siyasi repressiyalar kursundan imtina edilir. Ölkədə  islahatlar və milli birlik mühiti yaradılır. Bu məqsədlə:

2.1 Siyasi amnistiya verilir. Bütün vicdan və siyasi məhbuslar azad edilir, onların mülki və siyasi hüquqları bərpa edilir. Siyasi  mühacirətdə olan şəxslərin ölkəyə qayıtmasına təminat verilir.

2.2 Demokratik islahatlar kursunu dəstəkləmək və islahatlara ictimai etimad yaratmaq   məqsədi ilə rəsmi KİV-lərdə və  ilk növbədə  televiziya kanallarında geniş, şəffaf və İctimai Palatanın da iştirakını təmin edən diskussiyalar başlanır. İctimai Televiziya cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnu bərabərlik prinsipi əsas götürülməklə təmin edir.   Müxalifətin televiziya efir məkanına normal çıxışını təmin etmək üçün  xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi məsələsinə baxılır. 

2.3  Sərbəst toplaşma azadlığı problemi həll edilir. “Sərbəst toplaşma azadlığı haqqında” qanunda kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırılan və  xüsusi olaraq göstərilən yerlər istisna olmaqla digər yerlərdə kütləvi aksiyaların yalnız xəbərdar edilmə prinsipi ilə həyata keçirilməsi praktikası tətbiq edilir. Bakı şəhərində Azadlıq meydanı kütləvi aksiyalar keçirilməsi üçün açılır. 

2.4  Vicdan və dini ibadət azadlıqları və o cümlədən  hicab azadlığı  təmin edilir.

2.5.  Mətbuat və elektron KİV- lərə, o cümlədən İnternet sahəsində, təzyiqlərə və məhdudiyyətlərə son qoyulur. İnformasiya haqqında qanun liberallaşdırılır və diffamasiya haqqında qanun qəbul edilir.

2.6 QHT- lərin qeydiyyat məsələləri sadələşdirilir və onlara  geniş fəaliyyət azadlığı verilir.

2.7.  Qanunvericilikdə siyasi partiyaların normal fəaliyyətini təmin etmələri üçün dövlətin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli addımlar atılır. Siyasi partiyaların mərkəzi və yerli orqanları üçün ofislərin ayrılması məsələsi həll edilir. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi problemi qanunvericilikdə təsbit edilir və həyata keçirilir.

2.8. İnsanların mülkiyyət hüququnun qorunması dövlət tərəfindən birmənalı təmin edilir.

2.9. Hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranlarının və digər zəruri  hesab olunan şəxslərin iştirakı ilə   Qarabağ qurultayı keçirilir və bu məsələdə ümumi milli mövqe  nümayiş etdirilir. 

2.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər qüvvədə qalır.

 

İkinci mərhələ: Demokratiyaya keçidin hüquqi və təşkilati əsasları yaradılır.

 

3. Azərbaycan Respublikası Prezidenti yanında Demokratik  İslahatlar Şurası (DİŞ)  yaradılır. DİŞ  haqqında qanun  qəbul edilir. 

3.1 DİŞ  rəsmi hakimiyyət və vətəndaş hərəkatını  təmsil edən İctimai Palatanın  təqdim etdikləri namizədlərdən ibarət  formalaşdırılır. DİŞ–da siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislər təmsil olunur.

3.2 DİŞ  ictimai əsaslarla, aşkarlıq və hesabatlılıq şəraitində, müəyyən edilmiş müddət ərzində  fəaliyyət göstərir. DİŞ   ölkədə köklü islahatların  hazırlanmasını və həyata keçirilməsini təmin edir.

4. Konstitusiya islahatları sahəsində:

4.1. Yeni Konstitusiya qəbul edilənə qədər keçid dövrü  islahatlarının hüquqi bazasınının təmin edilməsi  mövcud Konstitusiyaya əlavə və dəyişikliklər vasitəsi ilə edilir.

4.2. Ali hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional – majoritar (qarışıq) seçki sistemi əsasında formalaşdırılması qaydası Konstitusiyada təsbit edilir.

4.3. Hakimiyyətin bölünməsi prinsipinə tam nail olmaq  məqsədi ilə Nazirlər Kabinetinin və Milli Məclisin  səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılır.

4.5. Müstəqil məhkəmə sisteminin formalaşdırılması üçün  hakimlər korpusunun seçilməsi və fəaliyyət prinsipləri ilə bağlı  qanunvericilikdə müvafiq dəyişiklər edilir.

4.6. Hakimiyyət orqanlarında rəhbər vəzifələrə eyni bir şəxsin seçilməyə,  vəzifədə olma təkrarlılığına və  müddətlərinə məhdudiyyət qoyulması prinsipi və əvəzlənmə proseduraları Konstitusiyada təsbit edilir.

4.7. Təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin edilməsi məqsədi ilə müvafiq hakimiyyət strukturlarının Milli Məclisə hesabatlılığı qaydası təsbit edilir.

5. Seçki qanunvericiliyi sahəsində: 

5.1. Seçkili ali hakimiyyət və yerli özünüidarə orqanlarının çoxpartiyalı,  qarışıq ( majoritar -50% və proporsional – 50%;  ) seçki sistemi əsasında formalaşdırılması tətbiq edilir.  Milli Məclisin say tərkibinin genişləndiirilməsi məsələsinə baxılır.    

5.2 Seçki Məcəlləsinin demokratikləşməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının,  siyasi müxalifətin və beynəlxalq təşkilatların  təklif və tövsiyələrini nəzərə alan dəyişikliklər edilir.  Seçki komissiyaları hakimiyyət və müxalifətin paritet  əsasda təqdim etdikləri  namizədlərdən formalaşdırılır. 

5.3 Qanunvericilikdə iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qaydası təsbit olunur.

6. Sosial-iqtisadi sahədə:

6.1.   İqtisadi – maliyyə amnistiyası verilməsi məsələsinə baxılır. Leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına tam təminat verilir.

6.2. İqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Orta və xırda biznes üzrə ombudsman institutu yaradılır.

6.3. Sosial dövlət konsepsiyası hazırlanır və tədricən həyata keçirilir.

6.4. Maaş, pensiya və  sosial ödənişlərin minimum hədləri və ya baza hissələri dərhal iki dəfə artırılır.  

6.5. Əhalinin SSRİ dövrü əmanətləri   qaytarılmağa başlanır.

6.6. Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsi təmin edilir. Neft gəlirlərindən şəffaf ,ədalətli və səmərəli istifadə olunur. Neft Fondunun Müşahidə Şurasının tərkibi dəyişir. Ora tanınmış insanlar,vətəndaş cəmiyyətinin nümayəndələri daxil olunur.Bu sahədə hökumət hesabatlılığı təmin olunur.

6.7. Ana və uşaqların sosial (pensiya, müavinət və s.) imtiyazları  bərpa edilir.

6.8. Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil sisteminin ləğv edilməsi məsələsinə baxılır. Ödənişli təhsil sistemi saxlandığı müddətdə təhsil haqlarının artırılmasına yol verilmir.

6.9. Silahlı qüvvələrdə xidmət müddəti peşəkar xidmət hərbi qulluqçularının sayının artırılması hesabına həqiqi hərbi  xidmət müddəti tədricən 15, 12 daha sonra 9 aya qədər azaldılır. Bütün ali təhsil pillələri üzrə hərbi xidmətə möhlət hüququ tətbiq edilir.  

7. Korrupsiyaya və monopoliyalara qarşı mübarizə sahəsində: 

7.1 Korrupsiyaya qarşı Dövlət  komissiyası DİS- in formalaşdırılması prinsipi ilə yenidən təşkil edilir.   

7.2.  Adı ciddi korrupsiya iddialarında hallandırılan məmurlar vəzifədən uzaqlaşdırılır,  barələrində təhqiqat başlanır və təhqiqat başa çatana qədər onların Ali  dövlət hakimiyyəti orqanlarında rəhbər vəzifələr tutmalarına yol verilmir.

7.3.  Məmurların və onların yaxın qohumlarının əmlaklarının, kapitalının və gəlirlərinin bəyan edilməsi qaydası tətbiq edilir

7.4. İctimai vəsaitlər (neft pulu,büdcə,beynəlxalq kreditlər) hesabına reallaşdırılan layihələrin monitorinqi aparılır

7.5. Mətbuatın və İctimai Palatanın təmsilçiliyi əsasında müstəqil antimonopoliya komissiyası yaradılır və şəffaf şəkildə fəaliyyət göstərir.

7.6. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil edilməsi prosesi sürətləndirilir.

 

Ücüncü mərhələ:  legitim  hakimiyyət formalaşdırılır və demokratiyaya keçid dövrü başa çatır

 

8. Növbəti prezident seçkilərinə qədər  Milli Məclisə   növbədənkənar   seçkilər   keçirilir.

9.  Bələdiyyələr və bələdiyyə başçılarının növbədənkənar seçkiləri keçirilir.

10. Növbəti prezident seçkiləri keçirilir.

11. Yeni Konstitusiya qəbul edilir.  Yeni Konstitusiya layihəsinin hazırlanması və müzakirəsi çərçivəsində Prezident respublikasından parlament  respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılır.

 

Advertisements
Öncəki yazı
Sonrakı yazı
Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

cinarebayram

Kişi sevdiği ile bərabərdir. Hz.Məhəmməd (s.a.s)

Nə Etməli ?

Her yasak kendi isyancılarını doğurur.

%d bloqqer bunu bəyənir: